Rusiyalı deputat Sergey Mironov deyib ki, Özbəkistanın Kazandakı Baş Konsulluğu vətəndaşları Rusiya ordusunda xidmət etməməyə çağırdıqdan sonra Özbəkistanla viza rejiminin tətbiqi zəruridir.
Hafta.az-ın yazdiğina görə, Özbəkistan ictimaiyyəti deputatın sözlərini kəskin reaksiya ilə qarşılayıb. Özbəkistan “Milli Tiksilhan” Demokrat Partiyasının sədri Əlişir Qədirov deyib ki, sitat: özbəklər kimi mübarək xalq öz haqqını insan öldürməklə deyil, zəhmətlə qazanır.
O vurğulayıb ki, Rusiyanı Mironovun özü, oğulları, kürəkənləri və nəvələri qorumalıdır. “Bildiyimə görə, ruslar da özbəklər kimi vətəni qorumağı müqəddəs borc hesab edirlər”, - deyə Əlişir Qədirov bildirib.

Ali Məclisin deputatı, “Yüksəliş” hərəkatının sədri Bobur Bekmurodov konsulluğun Özbəkistanda qeyri-qanuni hesab edilən fəaliyyətlərdən vətəndaşları müdafiə etməsini təbii və ədalətli adlandırıb və bu cür aqressiv ritorikanın yalnız ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyini qeyd edib.
“Soydaşlarımız öz işləri ilə Rusiya iqtisadiyyatına töhfə verirlər. Sosial müavinətləri insan həyatına təhlükə yaradan əməllə müqayisə etmək savadsızlıq və axmaqlıqdır”, - Bobur Bekmurodov deyir.
Deputat qeyd edib ki, Özbəkistanla Rusiya arasında “İttifaq münasibətləri” haqqında müqavilənin 7-ci maddəsində yazılıb ki, “...onlar bir tərəfin vətəndaşlarının və hüquqi şəxslərinin qanuni hüquq və mənafelərinin təmin edilməsi üçün təsirli tədbirlər görməlidirlər”, xatırladıb.
“Bizim qanunlarımız işləyir. Sizin üçün də belə olmalıdır, yoldaş Mironov”, – Bobur Bekmurodov deyib.

Yaranmış vəziyyətə ekologiya nazirinin müşaviri, ictimai fəal Rəsul Kuşerbayev də münasibət bildirib.
“Özbəkistanın diplomatik idarəsi öz vətəndaşlarına Özbəkistan qanunvericiliyində nəzərdə tutulan normaları xatırlatdığı üçün Rusiyadan viza rejiminin tətbiqi təhlükəsi o deməkdir ki, Rusiya siyasətçiləri Özbəkistanı özlərindən asılı ölkə kimi görürlər. Təəssüf ki, yüksək rütbəli siyasətçinin bu sözləri Rusiya tərəfinin Özbəkistanla münasibətləri pozmaq üçün bəhanə axtardığını göstərir” deyən Kuşerbayev sual edib ki, Özbəkistan öz ərazisində işləyən Rusiya vətəndaşlarını Özbəkistanın xeyrinə harasa müharibəyə göndərərsə Rusiya diplomatik missiyaları susardı? O, həmçinin xatırladıb ki, Özbəkistanın da qarşı tərəf üçün eyni viza rejimini tətbiq etmək imkanının olduğunu unutmaq olmaz.
“Hesab edirəm ki, Zaxarovadan sonra Özbəkistan üçün qəbuledilməz şəxslər siyahısına kimin daxil edilməli olduğu çoxlarına aydın idi”, - Kuşerbayev əlavə edib.